KONQRESİN MƏQSƏDİ

Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı min illər boyu milli və bəşəri ideyaları çərçivəsində məskunlaşdığı coğrafiyada digər xalqlarla sülh və əminamanlıq şəraitində yaşamağı üstün tutmuşdur. Xalqımız heç vaxt başqa xalqların mədəniyyətinə, onların milli mənsubluğuna göz dikməmiş, öz milli mədəniyyətinə xas olan cəhətlərin qorunub yaşadılmasında maraqlı olmuşdur. Lakin bununla belə orta əsrlərin, həm də yeni dövrün müharibələrlə zəngin olan çağlarında azərbaycanlılar da bölgənin digər xalqları kimi əziyyətlərə, məşəqqətlərə düçar olmuş, yaradılmış sənət əsərləri, memarlıq abidələri dağıdılmış, dövrün tanınmış elm və sənət adamları ya məhv edilmiş, yada ki, məmləkətlərindən didərgin salınmışlar. XIX əsrin birinci yarısında işğala məruz qalmış Azərbaycan torpaqları o dövrə qədər yaşanmış hadisələrin ən qanlı cinayətləri ilə üz-üzə qalaraq parçalanmış, böyük dövlətlərin etnik dəyişiklik siyasəti çərçivəsində tarixi yurd yerlərindən qovulmuş azərbaycanlılar qaçqın həyatı sürmək məcburiyyətində qalmış, onların el-obalarında isə məqsədli şəkildə ermənilər yerləşdirilmişdir.
Deportasiyaya məruz qalmış azərbaycanlıların nəsilləri 1905-1907, 1918-1920-ci illərdə, eləcə də sovet hakimiyyəti dövründə (1920-1991-ci illər) zorla vətənlərindən uzaqlaşdırılmışlar. Bu xüsusda tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikası və bu dövlətin həyata keçirdiyi antiazərbaycan siyasəti Azərbaycan xalqının köksünə dərin yaralar vurmuşdur. Bütün bunların tədqiq edilməsi, azərbaycanlıların tarixi haqlarının bərpa edilməsi bu gün özünü “sosial ədalət dünyası” adlandıran dünya birliyinin üzvləri tərəfindən dəstəklənməlidir. Bu kontekstdə “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı elmi konqresdə əsas istiqamət indiki Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerimiz olan Qərbi Azərbaycanda yerləşən, lakin dağıdılmış mədəni irsə qarşı münasibət, Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirdiyi etnomədəni siyasətin qurbanı olmuş yer adlarımızın – toponimlərin, oykonimlərin, hidronimlərin dəyişikliyə məruz qalmasının tarixi faktlara söykənərək elmi əsaslarla təsdiqinə və dünya elmi ictimaiyyətinə çatdırmağa yönəlmişdir.
“Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı elmi konqresin əsas məqsədlərindən biri də tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işılandırılmasına nail olmaq, həmçinin ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.